Ziyəddin Məhərrəmov
Ziyəddin Məhərrəmov (tam adı:Ziyəddin Həmil oğlu Məhərrəmov; 31 may 1947, Qoşabulaq, Basarkeçər rayonu) — filologiya elmləri doktoru (2020), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013), "Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015), "Şərəf" media mükafatı laureatı (20.05.2015)
Ziyəddin Məhərrəmov 31 may 1947-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalındakı Basarkeçər rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. 1960-cı ildə kənd 7 illik məktəbi, 1964-cü ildə Daşkənd kənd orta məktəbini, 1969-cu ildə V. İ. Lenin adına Аzərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsini, 1985-ci ildə isə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin Marksizm-Leninizm Universitetinin Dağlıq-Qarabağ filialını da fərqlənmə diplomu ilə bitirmişdir (1977–1979).
Ziyəddin Məhərrəmov Qoşabulaq kəndində müəllim işləmiş, 1970-ci ildə Həştərxan vilayətində hərbi xidmətdə olmuşdur. 1971–1973-cü illərdə Qoşabulaq kənd orta məktəbində müəllim işləmişdir. 1973–1975-ci illərdə "Vardenis" rayon qəzetində ədəbi işçi işləmişdir.
1975–1976-cı illərdə Şuşa şəhər yerli radio verilişləri redaksiyasında müxbir, Kitabsevərlər Cəmiyyəti rayon təşkilatının məsul katibi işləmişdir.
1976–1983-cü illərdə Azərbaycan KP Şuşa Rayon Komitəsinin təbliğat-təşviqat və təşkilat şöbələrində təlimatçı, partiya komissiyasının sədri, 1983–1985-ci illərdə BАPM-də dinləyici olmuşdur. 1985–1991-ci illərdə Azərbaycan KP Şuşa Rayon Komitəsində təlimatçı, ideologiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşa şəhər Sovetinin deputatı, şəhər icraiyyə komitəsinin üzvü və sədri (1986), rayon partiya komitəsinin aparat işçiləri ilk partiya təşkilatı bürosunun katibi, raykomun üzvü (1989) seçilmişdir.