[
fars. ]
1. is. Güc.
Muzdur anladı ki, çox pulun zoru da çox olurmuş. S.M.Qənizadə.
[Mirzə Həsən:] Bundan sonra traktor adlanan maşının zoru ilə əkəcəksiniz. Ə.Haqverdiyev.
[Harun:] Düşmənin zoru qabağında könül xof eyləməz. Ü.Hacıbəyov.
□ Zor etmək (eləmək) – güclə məcbur etmək, güc tətbiq etmək.
[Məhərrəm:] Odur ki, [Səriyyəyə] zor etməyə haqqınız və ixtiyarınız yoxdur. C.Cabbarlı.
Zor gəlmək – üstün olmaq, qalib çıxmaq, məcbur etmək.
Zor ilə –
1) zorla.
Mən səndən ayrılmazdım; Zor ilən ayırdılar. (Bayatı).
Naəhl olana mətləbi andırmaq olurmu?! Söz qanmıyana zor ilə qandırmaq olurmu?! M.Ə.Sabir.
Mexaniki zor ilə maşınxanadan kənara çıxardılar. H.Nəzərli;
2) var gücü ilə.
Keçmiş kösöyü zor ilə yerə vuranda qığılcım saçılan kimi [dərvişin] gözləri məşəlləndi. A.Divanbəyoğlu.
Zor işlətmək (göstərmək) – zor etmək, gücdən istifadə etmək, zorakılıq etmək.
[Vahidov Telliyə dedi:] Bəzən zor işlətmək lazımdır ki, sevdiyin adamı xoşbəxt edəsən. Ə.Məmmədxanlı.
Zora çəkmək – çətinliyə salmaq, bərkə çəkmək, məcbur etməyə çalışmaq.
Boşla, ay molla dayı, sən də bizi çəkmə zora; Biz sənin hiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir.
Zora salmaq – çətinliyə salmaq, gücə salmaq.
Molla dartındı, ancaq qolunun məngənəyə düşdüyünü görüb zora salmadı. S.Rəhman.
Zoruna dönüm! – tərif və təşviq ifadəsi (birinə ürək vermək, bir işə cəsarətləndirmək və təhrik etmək üçün işlənir).
Qüvvətlə sıx döşünə tüfəngin qundağını; Vur, zoruna dönüm, vur, baş qaldıran yağını! R.Rza.
// Qolugüclülük, qolunun gücü.
Zor vermək –
1) güc vermək.
[Aslan bəy:] Xoş gəldin, get ancaq bundan sonra ağlına zor vermə… N.Vəzirov;
2) ağır təsir etmək.
Ayrılıq zor verdi ana qəlbinə; Gəl! – deyib yanına çağırdı yenə. S.Vurğun.
2. sif. Çox güclü, qüvvətli, böyük. Açarın gücü qıfıldan zordur. (
Ata. sözü ).
[Paşa Qəribə:] Mən bilirəm sən qəribsən, ancaq deyirlər ki, çox zor aşiqsən. “Aşıq Qərib”.
// Çox bacarıqlı, qoçaq, əlindən hər şey gələn. Kişi zor adamdır.
// zərf Çox, xeyli.
[Rüstəm bəy:] Çingiz, nə çox yatmışıq, balam? – dedi, – zor yatdıq. Çəmənzəminli.
3. sif. Çətin, çətin başa gələ bilən, zehni və yaxud cismani güc tələb edən, çox ağır. Zor məsələ.
– Müqim bəy … sabahkı işin çox zor iş olduğunu kəsdirdi, təkrarən öz nitqini nəzərdən keçirməyə başladı. S.Rəhimov.
// Zordur şəklində – çox çətindir.
Uff, … bu qədər məşəqqətdən sonra ona yaxınlaşmaq yenə də zordur, – dedi. H.Nəzərli.
4. is. Məcburiyyət.
Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur. C.Məmmədquluzadə.
[General:] Xoşluqla etməsə, nə gəlib zora? Biz ki, gəlməmişik xoşluqla bura. B.Vahabzadə.
// Zərf mənasında. Məcburiyyət altında, məcburən, istəmədən, öz xahişi olmadan.
…Tacir yarı zor, yarı xoş hambalı padşahın yanına apardı. (Nağıl).
5. Zorla şəklində
zərf –
1) güc işlədərək (işlədilərək), güc tətbiq edərək (edilərək), məcburiyyət altında.
Qızı gətirdilər saraya zorla; Hər şeyi sarayda anladı Leyla. B.Vahabzadə;
// istəməyə-istəməyə, özünü məcbur edərək.
[Əlləzoğlu] sifətini eybəcər bir şəklə saldı, qədəhin az qala yarısını zorla püstə ağzına təpdi. İ.Hüseynov;
2) çox çətinliklə, güclə.
Özünü zorla çəkib aparan qoyunların yelini südlə dolu idi. M.İbrahimov.
Ancaq tüfəng çox uzun və ağır olduğundan onun əli tətiyə zorla çatırdı. M.Rzaquluzadə;
3) güclə, güc-bəla ilə, çox çətinliklə (bu mənada bəzən “zor-bəla ilə” şəklində işlənir). İşin öhdəsindən zorla gəldi. Zorla özünü saxlaya bildi. Onu zor-bəla ilə razı sala bildilər.