Yaqub Zurufçu
Yaqub Zurufçu (8 aprel 1956, Təbriz – 14 sentyabr 2021, Bakı) — əslən Güney Azərbaycanlı tanınmış vokalist və musiqiçi.
Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur "Cücələrim" mahnısı ilə həm Azərbaycanda, həm də İranda dillər əzbəri olmuşdu. 11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını ifa etmişdi. Müğənni özünün musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının bir vaxtlar Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edirdi.
Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın Radio və Televiziyaları öz musiqili proqramlarında çıxış etməyə dəvət edirdilər. Ailədə 8 uşaqdan biri olan gənc Yaqub musiqi ilə yanaşı sonralar daha bir sənətə yiyələnmək üçün Tehran Universitetinin iqtisad fakültəsində ali təhsil almağa başlamış, eyni zamanda Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirmişdi. [[İran İslam İnqilabı|1979-cu ildə İranda Xalq İnqilabından]] 1 il sonra — 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli olmuşdu. O, öz peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlamış və vokal sənəti üzrə diplomlu musiqiçi kimi daha sonra Amerikanın Florida ştatının Myami Universitetində vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq gövülmüşdü.
Hər zaman ürəyində milli musiqi sevgisi yaşadan Yaqub Zurufçunun ən böyük, müqəddəs arzusu illərlə həsrətində olduğu, qəlbində böyük bir sevgi kimi yaşatdığı Azərbaycana gəlmək idi.