Zənbur (jurnal, 1919)
"Zənbur" jurnalı (az-əbcəd. زنبور) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu ildə Bakıda nəşr olunan həftəlik ədəbi, ictimai, illüstrasiyalı satirik jurnal.
"Zənbur"un ilk sayı 1919-cu il aprelin 9-da, sonuncu 24-cü sayı isə noyabrın 8-də işıq üzü görüb. 1919-cu ilin aprel-noyabr aylarında çap olunan "Zənbur"un təsisçisi "Türk Nəşriyyat Cəmiyyəti" idi. Jurnalın fəal əməkdaşları arasında Əli Nəzmi, Əliabbas Müznib, Səməd Mənsur, Hacı Qasım Səyyah, Bayraməli Hammal və b. idi.
"Zənbur" da "Şeypur" kimi maliyyə çətinliyi səbəbindən bağlanıb.
"Zənbur"un ideya-siyasi istiqaməti ilə "Molla Nəsrəddin"ə sadiq qalaraq köhnəliyə, meşanlığa qarşı səylə mübarizə aparıb. O, müxtəlif janrlardan, satirik felyeton, satirik şeir, bilməli xəbərlər və karikaturalardan istifadə edib. İdeya etibarilə milli, demokratik məzmuna malik olan bu karikaturalar həcm etibarilə jurnalın səhifələrində əsas yeri tuturdu.