"Zənbur" jurnalı (ərəb. زنبور — arı) — 1909–1910-cu illərdə Bakıda nəşr olunan həftəlik ədəbi, ictimai satirik jurnal.[1][2][3]
Zənbur | |
---|---|
az-əbcəd. زنبور | |
| |
Baş redaktor |
Rza bəy Səlimxanov Əzim Əzimzadə Murtuza bəy Palavandov |
Əməkdaşlar |
Əzim Əzimzadə M.Ə.Sabir Əli Nəzmi Abbas Səhhət Əliqulu Qəmküsar Əliabbas Müznib Səməd Mənsur Əli Razi Hammal |
Növ | həftəlik satirik jurnal |
Təsisçi | Mirzə Əbdülxalıq Axundov |
Təsis tarixi | 13 mart 1909 |
İlk buraxılışı | 13 mart 1909 |
Nəşrini dayandırıb | 1910 |
Qərargah | Bakı |
Dil | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
"Zənbur" türkcə müsəvvir həftəlik məzhəkə məcmuəsi idi. Jurnal "Molla Nəsrəddin" jurnalının satira ənənələrindən bəhrələnirdi. Jurnalın ilk nömrəsi 1909-cü il martın 13-də cümə günü işıq üzü görüb.
"Zənbur"un sahibi və naşiri həkim, yazıçı, ictimai xadim Mirzə Əbdülxalıq Axundov, birinci ildə 21-ci nömrəyədək məsul müdiri isə Rza bəy Səlimxanov olmuşdur. Jurnala ilin yarısında 22-ci nömrədən sonra Əzim Əzimzadə müdirlik etmişdir. O, həmçinin jurnalın əsas rəssamı idi. Birinci il "Zənbur" 42 nömrə nəşr edilmişdir. İkinci ildə birinci nömrədən etibarən "Zənbur"un müdiri Murtuza bəy Palavandov, naşiri isə həkim Əbdülxalıq Axundov olmuşdur. İyul ayının 25-dən 1910-cu ildən, "Zənbur"da (22-ci nömrədən) Əliabbas Müznib baş mühərrirliyi qəbul etmişdir. 1910-cu il oktyabrın 15-nə kimi 28 nömrəsi çıxmışdır.[2][3]
Jurnalın ilk nömrəsindəki "Aydınlıq" başlıqlı məqaləsində "Zənbur" hansı məramnamə ilə başlamışdı, onun nəşrində məqsəd nə idi?" sualına belə cavab verilir:
Ağalar! Gözünüz aydın olsun, bizim şəhərə Zənbur da gəldi. Bakıda insandan başqa hər cürə heyvan istəsən tapılardı. Amma bir Zənbur yox idi. Bu axır zamanda o da təşrif gətirdi...
Bu vaxtadək Bakıya Zənbur gəlmədiyini və heyvanların arısız qalmaqlarını çox adamlar bizim vilayət üçün bir xoşbəxtlik hesab edirlər, çünki tamamən Bakı heyvanları dinc və fərağət qalıb, axırda bikarlıqdan adam oğurluğuna baş aparırdılar. İndi bu arının gəlməyi, ola bilsin ki, heyvanları bir az ürkütsün, amma bizim qanacağımıza görə bu Zənbur çox sancan olmasın. Çünki Bakıya gələn heyvanlar şirniyə yığılan milçəklər kimi çox şirindil və xoşrəftar olurlar. Ümid var ki, bu təzə gələn Zənbur da bu təzə sifətlər sahibi olsun. Hər tövr olmuş olsa, gərək bir az ehtiyatlı olmaq, çünki arıların təbii xasiyyəti sancmaqdır və bu xasiyyəti ondan almaq müşküldür. Ələlxüsus ki, qabağında şirin təmalar ola. Məslən: müftəxorların yoğun boyunları, xanımların yalın baldırları, millət dərdindən əriyənlərin yekə qarınları və həmçinin bir tərəfdən bu böyüklükdə şəhərə bir arıq arı heç kifayət etməyəcək. Qorxuram ki, şəhər əhli acıqdan bu arını da gözümçıxdıya salalar və Zənbur özü üçün yuva qurmamış onu gözə gətirələr. Hər necə olmuş olsa, gərək onunla rəftar olunsun və qarelərdən kəmali-icz ilə təvəqqə edirik ki, qonağa hörmət etsinlər və onun səhvin və xətasın ona nöqsan tutmasınlar və bu duaları bizim ilə təkrar etsinlər: Allah Zənburun nəştərin sındırsın və özünü də tezbazar eləsin! |
Jurnalda Azərbaycan teatrına, səhnə sənəti ustalarına, o cümlədən Ü.Hacıbəyova qarşı haqlı-haqsız hücumlar edilirdi. Ü.Hacıbəyov "Zənbur" jurnalı haqqında rəy yazmışdı:
Yazıq qələm, yazıq oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər əlinə düşübdür! Nifrət, nifrət olsun müqəddəs qələmi qərəzi-şəzsi aləti edənlərə, nifrət! |
O, həm də mətbuatda "Zənburçu"lara açıq məktubla çıxış etmişdir.
Jurnalda Mirzə Ələkbər Sabir, Mirzə Mehdi Ələsgərzadə, Əli Nəzmi, Abbas Səhhət, Əliqulu Qəmküsar, Əliabbas Müznib, Səməd Mənsur, Əli Razi Şəmçizadə, Bayraməli Abbaszadə (Hammal), Hacı Qasım Səyyah və başqaları fəal iştirak etmişlər.