15 may dövlət çevrilişi (1992)
May hadisələri (həmçinin 14–15 may hadisələri, 1992-ci il 15 may dövlət çevrilişi) — Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilən dövlət çevrilişi.
== Zəmin ==
=== Mütəllibovun istefası ===
Fevralın 25-dən 26-na keçən gecə erməni dəstələri bir neçə zirehli texnikanın dəstəyi ilə Xocalı şəhərinə hücum etmiş, yerli əhaliyə soyqırım törətmişdir. Baş verən hadisələr mart ayına qədər ictimaiyyətdən gizli saxlanılmışdır. Həmin ay Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu.Bir çox cəbhəçilər Mütəllibovu tənqid etmiş, İsgəndər Həmidov isə Mütəllibovun 20 Yanvar faciəsi nəticəsində hakimiyyətə gəldiyini və Rusiyanın maraqlarına xidmət etmək üçün Kreml tərəfindən Azərbaycan Kommunist Partiyasına rəhbər təyin edildiyini demişdir. Həmçinin, o, Mütəllibovu Azərbaycan Konstitusiyasını pozmaqda ittiham etmişdir, çünki Ali Sovetin milli ordu yaratmaq məqsədi daşıyan qanunu qəbul etməsinə baxmayaraq, Mütəllibov onu icra etməmişdi. Bu səbəblərdən Həmidov Mütəllibovun istefaya getməsini tələb etmişdir. Nəticədə, Mütəllibov müxalifətin təzyiqi ilə 6 martda prezident vəzifəsindən istefa vermişdir. Növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edilmişdir. Müdafiə naziri vəzifəsi AXC üzvü Rəhim Qazıyevə verilmişdi.