Azərbaycan–Çağatay mədəni əlaqələri
Azərbaycan–Çağatay mədəni əlaqələri — Azərbaycan və Çağatay (özbək və uyğur dillərinin vahid əcdadı) dillərinin, ədəbiyyatlarının və digər mədəniyyət sahələrinin bir-biri ilə əlaqəsi və bir-birinə təsiri.
== Dil ==
Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır. Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür.
Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkcəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir.
Bəzi Azərbaycan dialektlərində -imci, -imimci, -iminci şəkilçi formalarına rast gəlinir. Bunun tarixi "Baburnamə" əsərinə qədər gedib çıxır: ikimci(si), ücümci(si), törtümci(si), beşümci(si), altimci(si), yetimci(si) və sekizimci.