Hirkan şaxduranı
Hirkan şaxduranı (lat. Alchemilla hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür.
== Botaniki xarakteristikası ==
Çoxillik boz-yaşıl, ot bitkisidir. Gövdə 12-35 sm-ə qədər hündürlükdə, uzun saplaqlı, kökyanı yarpaqlıdır. Kökyanı yarpaqları iri deyil, böyrəkvari, 1-3,4 sm uzunluğunda, 1,5-5 sm enində, hamar, 7-9 qısa, qövsvari və ya yarımdairəvi bölümlü, aydın kəsilmiş aralarında 4-7 xırda-yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları böyük deyil. Çiçək qrupu ensiz, azçiçəkli, budaqlı, çiçəklər boş yumurtacıqlı, 1,5–3 mm uzunluğunda və enindədir.