İohann Şiltberqer
İohann (Hans) Şiltberqer (17 may 1381 və ya 1380 – təq. 1440, Münxen, alm. Johannes Schiltberger) — alman səyyahı və yazarı. Bavariyalı İohan Şiltberqer 1394-cü ildən 1427-ci ilədək Avropa, Asiya və Afrikaya səyahətindən bəhs edən ―Reisebuch və yaxud ―Səyahət kitabını yazmışdır. Macarıstan, Bolqarıstan, Valaxiya, Moldova, Ukrayna, Anadolu, Misir, Fələstin, İordaniya, İran, Azərbaycan, Gürcüstan, Dağıstan, Çərkəz, Krım və Mərkəzi Asiyada olan İ. Şiltberqer kitabda Azərbaycanın Təbriz, Maku, Marağa, Naxçıvan, Əlincəqala, Astara, Şirvan (Lahıc, Şamaxı və Şabran), Şəki və Dərbənd şəhərləri haqqında da məlumat verir. Onun səyahətnaməsi ölümündən sonra bir neçə dəfə çap edilmiş, XV əsrin sonu və XVI əsrin əvvəllərində geniş istifadə edilmişdir. Bu, səyahətnamə özündə səyahət edilən bölgələr, Mərkəzi Avropa və qeyri-Avropa ərazilərinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edən çoxsaylı mədəni müşahidələri ehtiva edir.
O kitabında xristianlığın ən məşhur duası "Ey, atamız" adlı duanın türkcə tərcüməsini vermişdir. Bu dua Avropada çap edilən ən qədim türkcə mətn hesab edilir.
Şiltberqer həmçinin bir sıra tarixçilər tərəfindən Türkologiya elminin banisi hesab olunur.