1. Bütün olmayan, naqis, natamam, çatışmayan. Üç manatdan otuz qəpik əskik. Parça 3 santimetr əskikdir.
□ Əskik çəkmək – düzgün çəkidən az çəkmək, çəkidə aldatmaq. Əskik çəkən satıcı cəzalanar.
Əskik çıxarmaq – müəyyən olan miqdardan az hesab etmək.
Əskik çıxmaq – müəyyən miqdardan, yaxud təxmin edildiyindən əskik olduğu meydana çıxmaq.
Əskik deyil – daim vardır, həmişə mövcuddur.
Əskik etmək (eləmək) – 1) azaltmaq;
2) kəsmək, fasilə vermək, davam etdirməmək, arasını kəsmək. Məktubunu əskik etmə.
Əskik gəlmək – bax əskik çıxmaq. Əskik olma, əskik olmayasan (olmayasınız və s.) – sağlıq, salamatlıq arzusu bildirən ifadə.
Əskik olmamaq – həmişə var olmaq, mövcud olmaq, daim olmaq.
Əskiyini doldurmaq (tamamlamaq) – çatışmayan cəhəti, hissəni əlavə edib tamamlamaq.
Başından əskik olmamaq – bax əskik olmamaq.
Heç əskik olmasın – həmişə olsun, yox olmasın.
2. Nöqsanlı, qüsurlu, eyibli, çatmayan, yarımçıq. Onun ağlı bir qədər əskikdir.
// Alçaq, pis, əskiklik gətirən. Əskik söhbətlər.
3. Başqasından az, kiçik, alçaq, aşağı. Sənin boyun onunkundan bir az əskikdir. Onun pulu mənimkindən əskikdir.
4. Qiymətsiz, dəyərsiz.
5. İs. mənasında. Əskik gələn miqdar, çatışmayan miqdar, tam olmaq üçün əlavə edilməli olan miqdar. Əskiyi doldurmaq. Əskiyi çoxdur. Onun da beş manat əskiyi var.
// Çatışmayan şey, gərəkliyi duyulan şey, əgər-əskik. Evin əskiyi qurtarmır.