Düzləçəkli ətirşah
Düzləçəkli ətirşah (lat. Geranium platypetalum) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin ətirşah cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Çoxillik bitkidir. Gövdəsi yarpaqların saplaqları kimi uzun və yumşaq uzanmış ağ tükcüklü, 30–60 sm hündürlükdədir. Yarpaqları incə, sıx tükcüklü; kökətrafı yarpaqlar uzun saplaqlı, düzolmayan böyrəkvari-yumru, tərsyumurtavari 2/3-ə qədər hissələrə bölünmüş, üst hissədən üçqatbölünmüş və dişli, gövdə yarpaqları 5-7 bucaq şəkillidir. Çiçək saplağı uzun yumşaq tüklərlə örtülü, düz, 2 çiçəklidir. Çiçəkaltlığı xətvari-lansetvaridir. Kasa yarpaqları 8–10 mm uzunluqda, lansetvari, beli tükcüklüdür. Ləçəkləri 18-20 mm uzunluqda, albənövşəyi, enli tərsürəkvari, əsasında pazvari, kənarları qeyri-bərabər və ya zəif çıxıntılıdır. Meyvənin tayları tükcüklüdür.