ƏZİYYƏT

is. [ ər. ]
1. Məşəqqət, əzab, cəfa. Yolun əziyyəti. Əziyyətə rast gəlmək.
– Bəli, Yer üzünün bu mənzərəsi; Arabir məni də salır qüvvətdən; Həyat qurtarmadı bu əziyyətdən. S.Vurğun.

// Ağrı, ağrı-acı. Yaranın əziyyəti.
□ Əziyyət çəkdirmək – əziyyətə məruz etmək, əziyyət, əzab çəkməsinə səbəb olmaq, əziyyət vermək, məşəqqət çəkdirmək.
Çəkdirir çox bizə əziyyətlər; Həm verir xeyli-xeyli zəhmətlər. A.Səhhət.

Əziyyət çəkmək – əzab çəkmək, məşəqqət çəkmək, ağrı-acı çəkmək. Xəstəlikdən çox əziyyət çəkmişdir. Yazıq baş ağrısından çox əziyyət çəkir.
– Deyir: – Qoy isinsin, o, can üstədir; Əziyyət çəkməsin bir neçə günlük. M.Rahim.

Əziyyət olmaq – əziyyətə, məşəqqətə, zəhmətə, çətinliyə, qayğıya səbəb olmaq. Qorxuram, sizə əziyyət ola.
[Mozalan bəy:] Oyundan camaata çox əziyyət olur. Ə.Haqverdiyev.

Əziyyət vermək (etmək, eləmək) – incitmək, çox narahat etmək. Diş ağrısı çox əziyyət verir. Yara əziyyət edir.
– Çox əziyyət verib çovğun, yağmur, bad; Xatirə gəlməyib nə düşmən, nə yad. Aşıq Ələsgər.
Verməmişəm mən ki xəsarət sənə; Sən də dəxi vermə əziyyət mənə. A.Səhhət.

Əziyyətə salmaq – narahat etmək, zəhmət vermək, əziyyətə düşməsinə səbəb olmaq. Əziyyətə saldığım üçün üzr istəyirəm.
[Böyükxanım:] Bu elm sizi narahat etməz, bir az da atanız kimi əziyyətə salar. M.S.Ordubadi.

Əziyyəti dəymək (toxunmaq) – zərəri olmaq, zərər vermək, ziyanı olmaq. Adamlara əziyyəti dəymək. Çovğunun camaata çox əziyyəti dəydi.
Əziyyəti olmaq – əziyyət vermək, incitmək.
Doğrudan deyirmişlər ki, Nikolayın bizə çox əziyyətləri olub. C.Məmmədquluzadə.

2. Ağır zəhmət, ağır iş, zəhmətli və çətin iş.
Çünki bilir rahət əziyyətdədir; Şad yaşamaq səydə, qeyrətdədir. M.Ə.Sabir.
[Mirzə Cavad:] Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Ə.Haqverdiyev.
Binəvanın üzündə və gözlərində əziyyət nişanələri oynaşıb, çox zəlalətlərə düçar olduğuna işarə verirdi. A.Divanbəyoğlu.

□ Əziyyət çəkmək – zəhmət çəkmək, çox işləmək, zəhmətli işlə məşğul olmaq. Bağ salmaq üçün əziyyət çəkmək lazımdır.

Синонимы

  • ƏZİYYƏT əziyyət bax 1. əzab; 2. zəhmət
  • ƏZİYYƏT məşəqqət — əzab — cəfa

Антонимы

  • ƏZİYYƏT ƏZİYYƏT – RAHATLIQ Vetrova bütün əziyyətlərə mərdliklə qatlaşırdı (M.Hüseyn); “Uşağın” kupesini, rahatlığını bir də yoxladı
ƏZİŞDİRMƏK
ƏZİYYƏTLƏ

Значение слова в других словарях