Çovğun
Çovğun- düzənliklərdə qar yağa-yağa güclü külək əsməsi, küləyin qarı yer səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır. Çovğun hadisələri siklonlarda soyuq cəbhələrin keçməsi ilə bağlı olan kəskin soyuma zamanı yaranır. Qar örtüyünün sovrulması ilə çovğunlar bir sahəni çılpaqlaşdırır, digər sahələrdə isə qar təpəsi yaradır.
Çovğunun bir neçə növü vardır: səth çovğunu; alt çovğun; ümumi çovğun.
Səth çovğunu çox alçaqdan əsən küləklə yaranır və qar bilavasitə qar örtüyünün səthindən sovrulur.
Alt çovğun yumşaq qar böyük hündürlüyə qalxır və görünüşü xeyli pisləşdirir. Alt çovğunun yaranma ehtimalı adətən təzə yağmış qar və kifayət qədər alçaq temperaturlarda daha böyük olur
Ümumi çovğun kifayət qədər güclü küləklə və bərk qar yağma ilə müşayət olunur
Azərbaycanda çovğun çox az təkrarlanmaya malik olub, yalnız Abşeron yarımadasında qeyd edilir (1959, 1972-ci il). Güclü qaryağmalar və çovğunlarda kifayət qədər hündür qar təpələri yaranmış, dəmiryol nəqliyyatı müəyyən müddətə dayandırılmışdır, şəhər nəqliyyatının normal hərəkəti pozulmuş, qarın ağırlığı və küləyin təsirindən ağacların budaqları qırılmış, neft sənayesinə və heyvandarlığa böyük zərər dəymişdir.
Qar örtüyünün dayanıqsız olduğu Kür-Araz ovalığında, ayrı-ayrı yerlərdə 10-20 ildə bir dəfədən çox olmayaraq zəif çovğun hadisələrinə rast gəlmək olar. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, xəzrinin hakim olduğu ərazilərdə orta çoxillik dövrdə çovğunlu günlərin sayı il ərzində 1-3 gün təşkil edir.