Şeyx Bəhai
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (18 fevral 1547 və ya 27 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom.
Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur).
O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir.
İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü.
O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.