Dilavər Paşa
Dilavər Paşa (XVI əsr – 1622, Konstantinopol) — II Osman dönəmində 17 sentyabr 1621 - 19 may 1622 tarixlərində ümumilikdə 8 ay 2 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
== Həyatı ==
Xorvat əsilli olub, Əndərunda təhsil almışdır. Əvvəlcə sarayda, ardından Misirdə bir çox vəzifələrdə xidmət göstərdi. Daha sonra İstanbula çağırılaraq sarayda çeşnigirbaşı təyin olundu. 1610-cu ildə Krım xanı Səlamət Gəray vəfat etmiş, İstanbulda olan Canı bəy Gərayla birlikdə Krıma gedərək onun xan olmağında köməklik göstərdi. 1613-cü ildə çeşnigirbaşlığından Kipr bəylərbəyiliyinə gətirilən Dilavər Paşa, bir il sonra Cığalızadə Mahmud Paşanın yerinə vəzir rütbəsiylə Bağdad bəylərbəyi oldu. 1616-cı ildə baş tutan İrəvan səfərinə Diyarbəkir bəylərbəyi olaraq qatıldı və bölgədə 2 qala inşa etdirərək döyüş sursatlarını bölgəyə gətirtdi. Burada mükəmməl idarəçilik məharətilə yerini sabitləyən Dilavər Paşa II Osmanın taxta çıxışından sonra (1618) Rumeli bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən Kürəkən Xəlil Paşa ilə birlikdə Səfəvilər üzərinə səfərə çıxdı. 10 sentyabr 1618 tarixində baş verən Sınıq körpü döyüşündə Osmanlı ordusu məğlub olmuş, bu məğlubiyyətin ardından ikinci dəfə Diyarbəkir bəylərbəyiliyinə gətirildi.