Dayana Ter-Hovanesyan
Dayana Ter-Hovanesyan (ing. Diana Der Hovanessian; 21 may 1934, Vuster[d], Massaçusets – 1 mart 2018, Kembric, Massaçusets) ― erməni əsilli ABŞ şairi, tərcüməçisi və yazıçısı. Onun şeirlərinin əksəriyyəti Ermənistana və erməni diasporuna həsr olunmuşdur. O, iyirmi beşdən çox kitab müəllifidir.
Dayana Ter-Hovanesyan Massaçusets ştatının Vuster şəhərində yaşayan erməni ailəsində anadan olub. O, ingilis dili ixtisası üzrə Boston Universitetində təhsil almışdır və daha sonra təhsilini Harvard Universitetində davam etdirdi, tanınmış ABŞ şairi Robert Louell orada onun müəllimlərindən biri idi.. O, İrəvan Dövlət Universitetində Amerika ədəbiyyatı üzrə professor, iki dəfə isə erməni poeziyası üzrə Fulbrayt qrantı proqramı üzrə professor dərəcəsini almışdır. Boston Universiteti, Bard Kolleci və Kolumbiya Universiteti də daxil olmaqla bir çox təhsil müəssisələrində seminarlar aparmışdır və həmçinin qonaq şair və Amerika poeziyası, tərcümədə erməni poeziyası və Amerika Birləşmiş Ştatları və xarici ölkələrdə insan hüquqları ədəbiyyatı mövzuları üzrə mühazirəçi olmuşdur. Otuz ildən çox müddət ərzində o, Yeni İngiltərə poeziya klubunun (ing. New England Poetry Club) prezidenti vəzifəsində çalışmış və Kolumbiya Universitetinin tərcüməçilər şurasının üzvü olmuşdur.