AFFEKT
[alm. Affekt, affektion; fr. = ing. Affection; osm. tr. teessür] – insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziy-yətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirir ("şüurun daralması"), nəticədə insanda intellektual proses-lərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir. AKKULTURASİYA [ing. acculturation]– mədəniyyətlərin qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki modelləri dəyişikliyə məruz qalır.