Barış Akarsu
Barış Akarsu (29 iyun 1979, Zonquldak, Türkiyə – 4 iyul 2007, Bodrum, Muğla ili, Türkiyə) — Türkiyə müğənnisi və aktyoru idi. Uşaqlıqdan musiqiyə olan marağı səbəbindən müxtəlif alətlərdə ifa etməyi öyrənib. Türk musiqisində rok və Anadolu rok janrlarının önəmli adlarından biri sayılan Akarsu, cəmi 3 il davam edən sıx peşəkar musiqi karyerasında əhəmiyyətli bir pərəstişkar topladı. O, gənc yaşlarında dünyasını dəyişsə də, qoyduğu musiqi irsi onu sevən və hörmət edən dinləyicilərin yaddaşında hələ də qalmaqdadır.
2004-cü ildə dostlarının təkidi ilə Barış Akarsu peşəkar şəkildə musiqi yaratmaq məqsədi ilə ATV-də yayımlanan Akademi Türkiye adlı müsabiqəyə qatılır. O, uzun müddət yarışmaya qatılıb və Haluk Levent, Deniz Arçak kimi bir çox adla duetlər ifa edib. Müsabiqədə qalib gəldikdən sonra ilk albomunun hazırlığına başladı. 2005-ci ilin yanvar ayında, təxminən beş ay işlədikdən sonra, "Islak Islak" adlı ilk albomunu buraxdı. Bu albomdan ilk olaraq sözləri və musiqisi Cem Karacaya aid olan və albomla eyni adda olan "Islak Islak" mahnısını çıxarıb. İlk albomundakı mahnısı ilə yanaşı, "Mavi", "Kimdir O", "Bir Kasaba Akşamı" və "Amasra" kimi digər mahnıları da yüksək qiymətləndirilib və bu mahnılara kliplər də çəkilib.