Aktinometriya
Aktinometriya — geofizikanın bir bölməsi; atmosferdə, hidrosferdə və Yer səthindəki şüalanmaları öyrənir. Dar mənada, aktinometriya meteorologiyada Yerin radiasiyasını ölçmə üsullarının məcmusudur. Yerdə və atmosferdə baş verən hadisələrin enerji mənbəyi Günəşdir. Aktinometriyanın əsas vəzifəsi Yer səthində və atmosferdə Günəş radiasiyasının, atmosferin radiasiya balansının ölçülməsi və tədqiqi, atmosfer, hidrosfer və Yer səthində şüa enerjisinin dəyişilməsini ölçən cihaz və üsulların işlənib hazırlanmasıdır. Aktinometriya atmosfer optikası, spektroskopiya, heliofizika, atmosferin yüksək təbəqələrinin fizikası və alçaq (yerüstü) təbəqələrin fizikası ilə əlaqədardır. Aktinometriyadakı təcrübi və nəzəri işlərin nəticələri iqlimşünaslıq, kənd təsərrüfatı, sənaye, tibb, memarlıq, nəqliyyat, aerologiya və meteorologiyada tətbiq edilir.
Yerin süni peyklərinin buraxılması ilə əlaqədar aktinometriya xüsusilə böyük imkanlar əldə etmişdir.
== Mənbə ==
Актинометрија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.