Sumqayıt Alüminium Zavodu
Sumqayıt Alüminium Zavodu (sovet vaxtı "Azərbaycan Kommunist Partiyasının 60 illiyi adına Sumqayıt Alüminium Zavodu" adlandırılmışdır) — Azərbaycan əlvan metallurgiya sənayesinin ilk və ən böyük müəssisəsi.
Sumqayıt Alüminium Zavodunun tikintisinə 1949-cu ildə (əsas təyinatını müəyyən edən istehsal sexlərinin — elektroliz sexinin və civədüzləndirici yarımstansiyanın tikintisinə 1952-ci ildə) başlanmış, 1955-ci il martın 8-də ilk əlvan metal külçə — ilkin alüminium alınmışdır. 1959-1960-cı illərdə ikinci seriyasının korpusları tikilmiş, 1964-cü ildə elektroliz sexinin alüminium məftil istehsal edən şöbəsi, 1968-ci ildə məişət soyuducuları üçün buxarlandırıcı istehsal edən sexi, 1974-cü ildə alüminium və latun metallardan qab-qacaq istehsal edən sexi, 1976-cı ildə təkrar alüminium külçəsi istehsal edən sexi, 1977-ci ildə həmin sexin metal tullantılarından latun və mis külçələri istehsal edən şöbəsi işə düşmüşdür. Külçə formasında müxtəlif markalı ilkin alüminium, yastı külçələr və məftillər, külçə və silindrik formada geniş çeşiddə alüminium ərintiləri, məişət soyuducuları üçün müxtəlif markada və ölçüdə alüminium buxarlandırıcıları, məişətdə işlədilən istehlak malları, təkrar əlvan metal tullantılarından istehsal olunan bir neçə markada alüminium və latun külçələri və s. istehsal edir. 1983-cü ildə 13 növ məhsulu, yaxud bütün məhsulun 75,5 %-i Dövlət keyfiyyət nişanı ilə buraxılmışdır. 1970-1983-cü illərdə istehsal həcmi iki dəfədən çox artmışdır. Məhsulları xarici ölkələrə də ixrac olunur.
Сумгајыт Алүминиум Заводу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон.