Antroposofiya
Antroposofiya [yun. Anthoropos – insan, sophia – müdriklik] – mistik dekadentçilik təlimi, teosofiyanın formalarından biri. İnsan ruhunun və dünyanın dərk edilməsi metodları haqqında alman filosofu R. Ştayner tərəfindən yaradılmış təlim. Antroposofiya termini 17–19-cu əsrlərin bir sıra alim və filosofların (o cümlədən R. Fladd, K. Ekharhauzen, İ. Troksler, F. V. Y. Şellinq, İ. German, Fixte və s.-nin) əsərlərində rast gəlinir və Ştayner bu termini Avstriya filosofu R. Simmermanın "Antroposofiya oçerki" (1882) əsərindən götürmüşdür. Antroposofiya müstəqil hərəkat kimi 20-ci əsrin əvvəllərində tam formalaşmış və 1913-cü ildə Beynəlxalq Antroposofçular Cəmiyyəti yaradılmışdır. Yeni Avropa elm və fəlsəfəsinin rasional metodologiyasından bəhrələnən Antroposofiya elmi tədqiqatın müəyyən etdiyi faktı və fenomenləri materialist yozumundan ayıraraq onları "fövqəl hissi" idrakın nəticələri ilə tamamlayır. Fövqəl hissi idrakda aparıcı rol intellektual intuisiyaya ("xalis ideyaların qavranılmasına") və yeni ağıla tabeçi olan bəsirətə verilir ki, bu da arxaik keçmişin "instinktiv" bəsirətinə qarşı qoyulur. Bu idraki yüksəlişin ilkin şərti şəxsiyyətin mənəvi yüksəlişidir. Antroposofiya "Ruh haqqında elm" kimi bunu nəzərdə tutur ki, onun tədqiqatlarının nəticələri hamı üçün anlaşılan formada şərh edilir və yoxlanılmalı hipotezlər kimi qavranılır. İnsanın quruluşunda fiziki, efir və astral cisimlər (qeyri-üzvi, bitki və heyvanat aləminə uyğun), ruhun nüvəsi (təkrar olunmaz Mən), daha sonra indi onun təbiətində gizli formada mövcud olan və gələcəkdə inkişaf etməli üç yüksək ruhi prinsip fərqlənir.