Aralıq (anatomiya)
Aralıq — lat. perineum anus ilə xarici cinsiyyət üzvləri arasındakı nahiyənin adı olub, kiçik çanağın çıxacağı sayılır. Adətən romb şəklindədir. Qasıq bitişməsinin aşağı kənarı onu ön, büzdüm arxa, qasıq və oturaq sümüklərinin aşağı şaxələri, oma-qabar bağı və oturaq qabarları isə yan tərəflərini əhatə etmişdir. Aralıq nəzəri olaraq oturaq qabarlarından keçən köndələn xətt vasitəsilə iki üçbucağa bölünür. Öndəkinə sidik-cinsiyyət üçbucağı — lat. trigonum urogenitale, arxadakına isə anus üçbucağı — lat. trigonum anale deyilir. Sidik-cinsiyyət üçbucağında kişilərdə penis, qadınlarda isə cinsiyyət yarığı — lat. rima pudendi, anus üçbucağında isə adından məlum olduğu kimi anus yerləşmişdir.