Ələsgər Ələkbərov, arxeoloq
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas.
== Həyat və fəaliyyəti ==
Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi.
1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.