Axın xətti
Axın xətti – eynitipli detalların hazırlanması və ya məmulatların yığılması üçün texnoloji prosesin ardıcıllığı ilə düzülmüş, müəyyən takta uyğun işləyən maşınlar və ya avadanlıqlar kompleksi. Emal sexlərinin axın xətti detalları bir əməliyyatdan digərinə ötürən nəqledici qurğularla birləşdirilmiş dəzgahlardan, maşınlardan, yığma sahələrində isə avadanlıq, tərtibat, alət və nəqledici qurğularla təchiz olunmuş iş yerlərindən ibarətdir. Nəqledici qurğular Axın xəttini detal və qovşaqlarla fasiləsiz təchiz etmək və yığılmış məmulatı ardıcıl hərəkət etdirmək üçündür. Axın xətti fərdi, qoşalaşdırılmış (2 detalın eyni vaxtda emalı üçün) və qrup halda (bir neçə detalın eyni vaxtda emalı, yaxud onların müəyyən ardıcıllıqla emalı üçün) olur. Axın xəttində iri obyektlərin yığılması zamanı ayrı-ayrı qovşaq və detallar müəyyən olunmuş ardıcıllıqla bir mövqedən digərinə verilir, quraşdırma işlərini isə texnoloji prosesə uyğun bir obyektdən digərinə keçən ixtisaslaşdırılmış briqadalar görür. Axın xəttində, adətən, metalkəsən dəzgahlarda mexaniki emal, qaynaq, termiki emal, yağlama, rəngləmə və s. yerinə yetirilir. Detalların, qovşaqların, hazır məmulatların yerinin dəyişdirilməsi üçün istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılmasına imkan verən mövqedəyişən, manipulyator, nəqliyyat vasitələri tətbiq edilir və texnoloji işlər aparılır.
== Mənbə: ==
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).