Gevork Caukyan
Gevork Beqlaroviç Caukyan (erm. Գևորգ Ջահուկյան; 1 aprel 1920, Şahnəzər, Aleksandropol qəzası – 6 iyun 2005 və ya 8 iyun 2005, İrəvan) — Sovet-Ermənistan linqvisti və filoloqu, filologiya üzrə elmləri doktoru, professor, Ermənistan Elmlər Akademiyasının akademiki, Ermənistan SSR əməkdar elm xadimi.
== Həyatı ==
Gevork Beqlaroviç Caukyan 1 aprel 1920-ci il tarixində Ermənistan Xalq Cümhuriyyətinin indiki Loru mərzində yerləşən Şahnəzər (indiki Metsavan) kəndində anadan olmuşdur. O, 1941-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Caukyan 1941–1943-cü illərdə İkinci Dünya müharibəsində iştirak etmişdir.
Caukyan 1945–1949-cu illərdə İrəvan Dövlət Universitetində baş müəllim, 1949–1958-ci illərdə dosent, 1958-ci ildə isə professor kimi çalışmışdır. O, 1948–1957-ci illərdə İrəvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinə rəhbərlik etmişdir. Caukyan 1968-ci ildən Ermənistan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1977-ci ildən isə akademiki olmuşdur.
== Elmi fəaliyyəti ==
Caukyan əsas əsərlərini ümumi və müqayisəli dilçilik, dünya və erməni dilçiliyinin tarixi və nəzəriyyəsi, qədim Hind-Avropa dilləri ilə Kiçik Asiya dilləri arasındakı əlaqə, erməni dilinin tarixi, dialektologiyası, erməni dilinin ləhçələrinin təsnifatı, müasir erməni dilinin quruluşu məsələlərinə həsr etmişdir.
== Mükafatlar ==
Caukyan "Müqəddəs Mesrop Maştots" ordeni, "Oktyabr inqilabı" ordeni (20.08.1986), "Şərəf nişanı" ordeni (18.03.1976), Movses Xorenatsi medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley" medalı (1970), SSRİ XTNS gümüş medalı (1985) ilə təltif edilmişdir.