Akrofobiya
Akrofobiya (Yunan sözləri olan ἄκρον-ákron “ zirvə, ucqar nöqtə” φόβος, phóbos “ qorxu” deməkdir) — yüksəklikdən qorxmaqdır. Bu, məkan və hərəkətlə bağlı xüsusi fobiyalar qrupuna daxildir və oxşar müalicə üsulları vardır.
== Səbəbləri ==
İnsanların əksəriyyəti hündürlüyə qalxdıqda, xüsusilə məkan kiçik və mühafizə olunmayan yer olduqda bu təbii qorxunu müəyyən dərəcədə hiss edirlər.
Akrofobiyadan əziyyət çəkənlər hündür yerdə olduğu zaman həyəcanlanır və aşağı sağ-salamat düşə bilmək üçün özlərini təşvişə salmağa başlayırlar. Dünya əhalisinin 2-5 faizi akrofobiyadan əziyyət çəkir.
Yüksəklik qorxusunu təsvir etmək üçün əksər vaxtlarda “ başgicəllənmə” sözü istifadə olunur ( lakin səhv olaraq), lakin bu, əsasən fırlanma zamanı baş verən əlamətdir. Bu, yüksək yerdən baxanda və ya hündür yerdən yaxud yüksək obyektdən dik baxanda baş verə bilər, lakin bunlar başgicəllənməsini təsvir etmək üçün yetərli deyil. Başgicəllənmə halı hansısa hərəkət olduqda ( məsələn, ayağa qalxdıqda, oturduqda, gəzdikdə) və ya vizual perspektivdə dəyişiklik olduqda (məsələn, aşağı çömbəlmək, pilləkanla yuxarı qalxdıqda və ya aşağı düşdükdə, pəncərədən hərəkət edən avtomobil və ya qatara baxdıqda) baş verir.
Adətən, digər fobiyalar kimi akrofobiya da yüksəklikdə baş verən hadisə və ya travma ilə bağlı yaranır. Lakin, hazırkı tədqiqatlar bu izaha şübhə ilə yanaşır.