Böyükkişi Ağayev
Böyükkişi Ağa oğlu Ağayev (10 sentyabr 1928, Petropavlovka, Salyan qəzası – 4 aprel 2018, Bakı) — akademik, tibb elmləri doktoru, Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, xeyriyyəçi, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M. Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru.
== Həyatı ==
Böyükkişi Ağayev 1928-ci ildə Sabirabad rayonunda dünyaya göz açmışdır. Onun əsl adı və soyadı Böyükbəy Məlikov (Babası Böyükbəy Məlikovun şərəfinə) olmuşdur. Bolşeviklərin ölkəmizi işğalından sonra qatı millətçi hesab olunan Məlikovlar nəsli üçün yaranan təhlükəni hiss edən atası, onun ad-soyadını dəyişərək Böyükkişi Ağayev olaraq yazdırmışdır. 1934-cü ildə birinci sinifə daxil olmuş, 1944-cü ildə orta məktəbi əla qiymətlərlə, fərqlənmə diplomu ilə bitirmişdir. Hələ uşaq yaşlarından tibb elminə böyük maraq göstərən B. Ağayev 1944-cü ildə istəyinə nail olur. O, Azərbaycan Tibb Institutunun müalicə fakültəsinə daxil olur. Cərrahiyəyə xüsusi həvəs göstərdiyi üçün hələ tələbəlik illərində gecələr təcili cərrahliq xidməti üzrə növbələrə qalır. B. Ağayev eyni zamanda klinik cərrahlıq üzrə tələbə elmi cəmiyyətinin də fəal üzvlərindən biri olmuşdur. 1949-cu ildə Tibb Institutunu (Hazırkı Azərbaycan Tibb Universiteti) bitirdikdən sonra rektorluq onu cərrahiyə üzrə 6 aylıq təkmilləşdirmə kursuna göndərir.