Qara gəndəlaş
Qara gəndəlaş (lat. Sambucus nigra) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. Kəndəlaş bitkisinin Azərbaycanda 2 növü yayılmışdır. Bunlardan biri – qara kəndəlaş adlanır. Təbabətdə ancaq qara kəndəlaşdan istifadə olunur.
Makroneziya, Şimali Afrika, Asiyada İranda, Türkiyədə, Avropada, Cənubi Qafqazda, Ukraynada, Moldovada, Belarusda, Yeni Zelandiyada yayılmışdır.
Hündürlüyü 4-10 metrə çatan koldur. Gövdələri budaqlı, nazik, oduncaqlı, qabığı və yumşaq məsaməli özəyi vardır. Yarpaqları üzbəüz, iri, uzunluğu 10-30 sm, lələkvarı, 3-7 ədəd uzunsov-yumurtavari xırda yarpaqlardan ibarətdir. Çiçəkləri sarımtıl-ağ rəngli (ayrıca çiçəkləri ağ), diametri 5-8 mm, beşləçəkli, iri, diametri 10-25 sm olan çiçək qruplarına yığılmışdır.