Səbzəvar ekspedisiyası
Səbzəvar ekspedisiyası - Nadir xan Əfşarın hərbi fəaliyyəti dövründə həlledici hadisə. Bundan sonra o II Təhmasibin hərbi qüvvələrinin arxasındakı həqiqi gücə çevrilmişdir.
Sənqan ətrafındakı döyüşdən sonra Nadir Məşhədə qayıdıb bir müddət istirahət etdi. Həmin vaxt ərzində əsas diqqəti qoşunların toplanmasına və təminatına yönəltdi. O, yaxşı görürdü ki, əfqanlar ciddi düşməndir və onlara qalib gəlmək üçün ciddi hazırlıq görülməlidir. Sonuncu döyüş də bunu göstərirdi. Lakin Nadiri düşündürən təkcə səfər hazırlığının aparılması deyildi. O eyni zamanda ətrafındakı əyanlar tərəfindən təhrik edilən Şah Təhmasibin müqavimətini qırmalı idi. Çünki mühüm səfər ərəfəsində şahın mövqeyi tamam başqa idi. O, Herat istiqamətində deyil, İsfahan istiqamətində hərbi yürüşə başlanmasını tələb edirdi.