Xeyrulla İbrahimov
Xeyrulla Mais oğlu İbrahimov (19 aprel 1971; Bakı, Azərbaycan SSR — 26 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, 4-cü Ordu Korpusunun Artileriya rəisi, Birinci Qarabağ müharibəsinin veteranı və qazisi, İkinci Qarabağ müharibəsi şəhidi.
Xeyrulla İbrahimov 1971-ci il aprelin 19-da Bakı şəhərində Mais və Xalidə İbrahimovların ailəsində anadan olub. 1978–1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988–1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində "Artilleriya" ixtisası üzrə ali hərbi təhsil alıb.
Xeyrulla İbrahimov 1998-ci ildən Pərvanə İbrahimova ilə ailəli idi. Həyat yoldaşı 5 iyun 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Ləman adında bir qızı və Anar adında bir oğlu yadigar qaldı.
Xeyrulla İbrahimov 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi — Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib.
Xeyrulla İbrahimov 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanıb.