Eduard Qriqoryan
Eduard Qriqoryan (1959, Sumqayıt) — 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı
Eduard Qriqoryan 1959-cu ildə anadan olmuşdur.
Eduard Robertoviç Qriqoryanın "Sumqayıt qırğınları" proqramının icraçılarından ən fəalının olması şahid ifadələri əsasında sübut olunmuşdur. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür.
Qriqoryan Sumqayıtda doğulmuşdu, atasının ölümündən sonra onu rus anası böyütmüşdü. Üç dəfə həbsxanada yatmışdı. Qriqoryan Sumqayıt hadisələri zamanı digərlərini bu cinayəti törətməyə təhrik etmiş, başqa bir versiyaya görə 7-yə qədər ermənini özü öldürmüşdü.
Zərərçəkmiş Sumqayıt sakini L. Meclumyan bildirirdi ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı". Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "E. Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M. Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". E. Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır.