Azurit
Azurit Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
== Xassələri ==
Rəng – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir; Mineralın cizgisinin rəngi – mavi, göy; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan işıqkeçirənədək; Sıxlıq – 3,77-3,83; Sərtlik – 3,5- 4,0; Kövrəkdir; Ayrılma – {011} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, pilləli; Morfologiya – kristallar: kiçikdir; yaxşı ifadə olunmuş sütun- və lövhəvari həbəoxşar, nisbətən az hallarda qısaprizmatik, bəzən izometrik, çox zaman əyriüzlü; Mineral aqreqatları: torpaqvari (mis göylüyü), böyrək- və salxımvarı, radial-şüalı kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, druzalar, fırçalar, malaxit üzrə psevdomorfozalar.
== Mənşəyi və yayılması ==
Mis filizi yataqlarının səciyyəvi törəmə mineralı olub, karbonatların iştirak etdiyi şəraitdə ilkin Cu minerallarının oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: malaxit, xalkozin, digenit, kovellin, kuprit, bornit, Fe hidroksidləri və b. Mineralın tapıldığı yerlər: Sumeb (Namibiya); Broken-Xill və Burra (Avstraliya); Kelli, Bisbi (ABŞ); Kopiapo (Çili); Kornuoll, Devonşir, Derbişir (Böyük Britaniya); Cezkazqan (Qazaxıstan); və b. Azərbaycanda hər yerdə kəskin üstünlük təşkil edən malaxitlə sıx assosiasiyada rast gələn azuritin kiçik yığınları Gədəbəy rayonunda müşahidə edilir.
== Tətbiqi ==
Bəzən Cu mənbəyi kimi praktik maraq doğurur. Göy boya alınmasında da istifadə edilir. Mineral-indikator kimi mis filizlərinin axtarışında istifadə olunur.