Ömər aşırımı uğrunda döyüş
Kəlbəcər əməliyyatı — 1993-cü ilin sonlarında, Birinci Qarabağ müharibəsinin axırlarında, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələrinə qarşı Kəlbəcərin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.
Kəlbəcər Azərbaycanın ən dağlıq və ən böyük rayonlarından biridir və Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) xaricində yerləşirdi. Şimalında yerləşən hündür Murov silsiləsi ilə əhatə olunmuş ərazi əsasən sıx meşələr, çaylar və bulaqlardan ibarətdir. Rayon o dövrdə qərbdən Ermənistannın Basarkeçər şəhəri, şimaldan Daşkəsən və Xanlar (indiki Göygöl) rayonları, şimal-şərqdən Goranboy və Şaumyan rayonları, şərqdən Ağdərə və Əsgəran rayonları, cənubdan isə Laçın rayonu ilə həmsərhəd idi, Ermənistan və seperatçı Qondarma Dağlıq Qarabağ Respublikası arasında yerləşirdi. Müharibədən əvvəl təxminən 60 min əhalisi olan bölgədə əsasən etnik azərbaycanlılar və kürdlər məskunlaşmışdı. Strateji əhəmiyyətə malik olan Kəlbəcər qızıl və xrom yataqları ilə zəngindir.
Erməni qüvvələri 1992-ci ilin martında Laçın şəhərini işğal edərək Ermənistanı Dağlıq Qarabağa bağlayan ensiz bir dağ keçidi olan Laçın dəhlizinin nəzarətini ələ keçirmişdir. Onlar daha sonra Ağdaban kəndini işğal etmiş, oradakı yerli əhaliyə qarşı soyqırım törətmiş və kəndi yandırmışdır. Erməni qüvvələri növbəti il Kəlbəcərə hücum əməliyyatı başlatmış, çoxlu sayda müharibə cinayəti törədərək 1993-cü ilin aprelində rayonu tamamilə işğal etmişdir. Onlar həm də Qarabağın ən yüksək zirvəsini – strateji Murovdağı ələ keçirmişdir.