Baloğlan Rüstəmov
Baloğlan Əmrah oğlu Rüstəmov (1922-2007) — ictimai xadim, İkinci dünya müharibəsinin veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Ümumdünya Müharibə Veteranları Baş Assambleyasının üzvü. 1987-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının sədri olmuşdur. 1994-cü ildə o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi və sədr müavini, 2001-ci ildən ömrünün sonunadək qeyd olunan Şuranın sədri kimi fəaliyyət göstərmişdir.
== Həyatı ==
Baloğlan Rüstəmov 1922-ci il iyun ayının 22-də Naxçıvanın indiki Culfa rayonunun Qazançı kəndində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Naxçıvan İkiillik Müəllimlər İnstitutuna daxil olmuş, lakin burada təhsilini başa vurmadan 1940-cı ildə Bakıya köçərək, 15 nömrəli fabrik-zavod məktəbinin şagirdi olmuş və eyni zamanda neft mədənlərində çalışmışdır.
1941-ci ildə könüllü olaraq ordu sıralarına yollanan Baloğlan Rüstəmov hərbi desant məktəbinə göndərilmişdir.
1941-1945-ci illər müharibəsi dövründə Baloğlan Rüstəmov Qafqazdan başlayaraq Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, alman-faşist işğalçılarına qarşı ağır döyüş əməliyyatlarının iştirakçısı olmuş, qəhrəmanlıqlar nümayiş etdirmişdir. O, müharibədən sonra – 1952-ci ildə Bakı partiya məktəbini bitirmiş, 1978-ci ildə isə Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin məzunu olmuşdur.