1. Bədənin ortası, qurşaq bağlanan yeri. İncə bel. Beli ağrımaq. Belinə qayış bağlamaq. Belə qədər suya girmək.
2. İnsanın və bəzi heyvanların qarnının arxa tərəfi, sağrı ilə çiyinlər arasındakı hissə; dal. Əyri bel. Beli bükülmüş. Yükü atın belinə qaldırmaq. – Elə, obaya səs düşür.
□ Bel sümüyü anat. – onurğanın ayrıca sümüyü.
Bel sütunu anat. – insanda və bəzi heyvanlarda: bel ortasındakı bir-birinin içinə keçmiş sümük və qığırdaqlardan ibarət onurğa sümüyü.
3. məc. Hündür dağın iki təpəsi arasındakı əyrilmiş yer və alçaq keçid.
4. məc. Dövrə, ətraf.
◊ Bel bağlamaq – güvənmək, inanmaq, etibar etmək, arxalanmaq, arxayın olmaq, xatircəm olmaq. Sənin qapında Firəngiz həqir cariyədir; Günəş də xidmətə bel bağlamış dilü candan. Heyran xanım.
Beli bükülmək – 1) qocalmaq;
2) ağır müsibət, bədbəxtlik, fəlakət üz vermək.
Beli sınmaq (qırılmaq) məc. – bax beli bükülmək 2-ci mənada.
Belinə çöpdən dirək – görülmüş bir işə qarşı istehzalı münasibət bildirən ifadə.
Belini bükmək məc. – ağır bir fəlakətə, bədbəxtliyə, müsibətə məruz qalaraq qocalmaq, ruhən və cismən sarsılmaq.
Belini sındırmaq (qırmaq) məc. – çox ağır mənəvi zərbə vurmaq, son dərəcə sarsıtmaq, bədbəxt etmək.