Gürcüstan çarlığının birləşdirilməsi
Gürcüstan çarlığının birləşdirilməsi (gürc. ქართული სახელმწიფოს გაერთიანება) — X əsrdə müxtəlif gürcü taclarının 1008-ci ildə Gürcüstan çarlığı və ya Sakartvelo adı altında mərkəzləşdirilmiş hökumətlə vahid səltənətdə birləşməsi ilə nəticələnən siyasi hərəkat idi. Bu, ilkin olaraq eristavların lokal güclü aristokratiyası tərəfindən, gürcü monarxları arasında əsrlər boyu davam edən hakimiyyət mübarizələri və aqressiv vərəsəlik müharibələri nəticəsində, onların klassik antik dövrün müstəqil idarəçilik ənənələrindən, həmçinin Kolxida və İberiyada ellinizm dövründə formalaşmış monarxiya quruluşlarından irəli gəlirdi.
Bu təşəbbüs həmin dövrdə Qafqazın ən qüdrətli hökmdarı olan, Baqrationi sülaləsinin nümayəndəsi III Böyük David tərəfindən dəstəklənmişdi. O, öz qohumu və övladlığa götürmüş olduğu oğlu şahzadə Baqratı İberiya taxtına keçirmişdir. Nəticədə, Baqrat bütün Gürcüstanın kral tacını daşımışdır. Davidin Baqrationi nəslindən olan davamçıları da Rürikoviçlər və ya Kapetinqlər kimi milli birləşmə narrativinin əsas fiquru olmuşdular, lakin onların səylərinə baxmayaraq, birləşmə hədəflərindən olan bəzi gürcü dövlətləri sərbəst şəkildə birləşməyə qoşulmamışdılar və fəal şəkildə buna qarşı olmuşdular. Onlar bu proses boyunca ona qarşı mübarizə aparmış, daha çox Bizans imperiyasından və Abbasi xilafətindən kömək və dəstək axtarmışdılar. 1008-ci ildə Gürcüstanın birləşdirilməsi qərbi və mərkəzi Gürcüstan torpaqlarının əksəriyyətini birləşdirmişdir, lakin proses şərqə doğru davam etmiş və nəhayət çar IV İnşaatçı Davidin rəhbərliyi altında tam başa çatmışdır. Torpaqların bu misli görünməmiş dərəcədə siyasi formada birləşməsi və Baqrationi gücünün meteorik formada yüksəlişi Gürcüstanın Qızıl dövrünün başlanmasına, həmçinin orta əsrlərdə yeganə panqafqaz imperiyanın yaradılmasına gətirib çıxarmışdır.