f. 1. Başını, boynunu uzadıb baxmaq, başını çıxarıb baxmaq. Pəncərədən boylanıb baxmaq.
– Rza Qəhrəmani həyəcanla işi buraxıb, deponun qapısına çıxdı və vağzala tərəf boylandı. M.İbrahimov.
Pəncərədən boylananları salamlayan musiqi və alqış səsləri bir-birinə qarışdı. Mir Cəlal.
Ayaz … qızın çiyni üzərindən küçəyə boylandı. Ə.Məmmədxanlı.
// Ümumiyyətlə, müşahidə aparmaq, qabağa-dala, sağa-sola baxmaq.
Laçın dörd yanına boylandı. M.Hüseyn.
Nəriman ha boylanır, heç yerdə həyat izi görməyirdi. Mir Cəlal.
// Məc. mənada.
Boylanır qabağımda böyük bir əməl; Ucalır başım. M.Müşfiq.
Dumanlar içində … əli göz üstə; Qoca Şərq boylanır dalınca sənin. S.Vurğun.
2. məc. Görünmək, özünü göstərmək, baxmaq. Günəş uca dağların arxasından yenicə boylanmışdır.
– Dan ulduzu Nargin adasının dalından boylanır, Susannanın pəncərəsinə baxırdı. M.S.Ordubadi.
Sanki buludlar arasından boylanmış Ay, işıqlarını otağa yaydı və çəkildi. M.İbrahimov.
Səhər üfüqlərindən gün boylanırdı. M.Seyidzadə.
3. məc. Yüksəlmək, qalxmaq, ucalmaq, görünmək (hündür şey haqqında). Yaşıllıqlar arasından boylanan evlərin qırmızı damları görünür.
– Yüksəklərə, mavi göylərə doğru boylanan bacalar Qara şəhərin zirzəmilərində vərəmləyən fəhlələrin dastanını oxuyurdu. M.S.Ordubadi.