Ölümdən sonra həyat
Ölümdən sonrakı həyat — din, fəlsəfə və mifologiyada insanın dünyadakı fiziki həyatını bitirdikdən sonra ruh və ya şüur halında davam etdiyinə inanılan həyat. O biri dünya və İslam mənşəli bir termin olan axirət anlayışları ölümdən sonrakı həyatın davam etdirilidiyinə inanılan məkanı təsvir etmək üçün istifadə edilir.
Ölümdən sonrakı həyatla əlaqəli anlayışlar materialist olmayan spiritualist və dini inanclarla əlaqədardırlar. Bu inanclarda yer alan ölümdən sonra bir həyatın olduğuna bağlı ən başda gələn fundament ruhun ölümsüzlüyü — əbədiliyi inancıdır. Bundan başqa, ölümdən sonrakı həyatın ruhun ölümsüzlüyünə bağlı olmayıb, yalnızca ölmüş şəxslərin dirilmələri şəklində reallaşacağını müdafiə edən inanc da vardır.
Ümumiyyətlə, dini inanclar insanın bədənində onu yaşadan bir ruh olduğu inancını qəbul edirlər. Bu mözvuda istisnalar olmaqla birlikdə, insandakı bu ruhun şüur daşıdığı və insanın şəxsiyyəti ilə əlaqəli hər şeyin bu ruhda olduğu qəbul edilir. Ruh şəxsin içindəki öz varlığını meydana gətirərək, düşünür, hiss edir, sevir, nifrət edir və qərar verir. Bu yolla ruh insanın öz şəxsiyyəti olur, bədən yalnızca ruha geydirilmiş bir paltara bənzəyir. İnsandakı bu ruhun ölümsüz olduğu və insan öləndə bədənindən ayrılaraq o biri aləm və ya axirət olaraq adlandırılan bir yerə getdiyi inancı qəbul edilir.