Yəhya Şeyda
Şeyda Yəhya Həsən oğlu — Azərbaycan şairi, ədəbiyyatşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Yəhya Şeyda 1924-cü ilin may ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. Onun atası Səttarxan hərəkatının iştirakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan "Yüzbaşı" ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiyyat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə mənimsəmiş, ilahiyyat, fəlsəfə və psixologiya elmlərinə yiyələnmişdir. Ədəbi fəaliyyətə gənclik dövründən başlamışdır (1940). Əli Fitrət, Cəfər Xəndan və Mövlana Yetim kimi şairlərdən ədəbiyyat dərsləri almış, mətbuatla çıxış etmişdir. 1948–51-ci illərdə Tehranda təhsilini davam etdirmiş, həmin müddətdə müxtəlif ədəbi məclislərin toplantılarına qatılmışdır. Tehranda təhsilini başa vurduqdan sonra Təbrizə dönmüş, burada jurnalist kimi mətbuatda fəaliyyət göstərmiş, eyni zamanda ədəbi məclislərdə fəal iştirak etmiş, Səhənd, Həbib Sahər, Həsən Qazı, Əhməd Tərcanizadə, Vaiz Çərəndabi, Ədib Tusi, Mənuçöhr Mürtəzavi, Ustad Şəhriyar və b. kimi şairlərlə dostlaşmışdır. Pəhləvi rejimi dövründə siyasi səbəblər üzündən daim təqib olunmuş, dəfələrlə həbs edilmişdir.