Bıçaqçı (Zərdab)
Bıçaqçı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir.
== Tarixi ==
Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir.
Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir. Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər.
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur.
== Mədəniyyəti ==
Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.