Bıçaqçı eli — Kirmanda yaşayan türk eli. Tayfanın bir hissəsi Azərbaycanda da məskunlaşmışdır. Bu tayfanın adını daşıyan yer adları hələ də qalmaqdadır (məsələn: Bıçaqçı (Zərdab)). Azərbaycan türklərini təşkil edən qruplardan biri olan[1] Bıçaqçı tayfası mənsublarının ana dili Azərbaycan türkcəsinin cənub dialektində danışırlar.[2][3][4]
Pierre Oberling Bıçaqçı xalçalarında Azərbaycan və Anadoluya xas xüsusiyyətlər olduğunu bildirərək, bunun onların nə zamansa bu bölgələrdən indi yaşadıqları yerlərə köç etdiklərini göstərdiyini bildirir.
Kermanın Sircan bölgəsində yaşamaqdadırlar. Tayfanın adı türk dilində bıçaq düzəldən mənasına gəlir, lakin Nemethin bildirdiyinə görə, həm də dalaşqan, qəzəbli mənasını da bildirməkdədir. Belə adda türk tayfa adları vaxtilə geniş yayılmışdı.[5][6]
Tayfanın erkən tarixi və haradan gəlməsi barədə çox az məlumat bilinməkdədir. İbn Bətutə Sivas bölgəsində yaşayan əsilzadələrdən biri olaraq Əhməd Bıçaqçı adında birini qeyd etməkdədir. O, həmçinin Qara dənizin Azov bölgəsindəki Əki Bıçaqçı adını da əsərində qeyd etmişdir.[7] Hər bir halda, onların arasında Araslı (və ya Ərəşli) adında tirənin mövcudluğu hal-hazırda böyük coğrafiyada yayılmış Əfşar boyu ilə əlaqəyə işarə ola bilər. Çünki Ərəşlilər Əfşar boyunun ən böyük tirələrindən biridir. 1957-ci ilə aid İran ordusu sənədlərinə görə, bıçaqçılar vaxtilə Tehran və Zəncan ətralarında yaşayan əfşarların bir hissəsi olmuşdurlar. Nadir şahın hakimiyyəti dövründə onlar Fars əyalətinə köçürülmüşdürlər. Lakin inadkarlıqlarına görə, buada qısa müddət yaşadıqdan sonra yenidən Kerman vilayətinə köçmüşdürlər. Edvards hesab edir ki, piçaqçi Kirmanın əfşarlarının bir qoludur. O, bu iki qrup arasında heç bir etnik və dil fərqinin olmadığını və hər iki qrupun vilayətdə əfşar hesab edildiyini qeyd edir. Bıçaqçıların Cahanşahlar arasından olan əfşarlarla birlikdə Farsa, oradan da Kirmana getməsi də mümkündür. Haşimi Kermaninin yazdığına görə, Nadir şahın dövrünə qədər heç bir yerdə bıçaqçı adına rast gəlinmir.[8] İrəc Əfşar bıçaqçıların Nadir şah tərəfindən Qaradağ vilayətindən Fars vilayətinə köçürüldüyünü qeyd edir. Əli Əkbər Sistani onu da qeyd edir ki, bıçaqçılar Qaşqayların tərkibində olub, onlar da Azərbaycandan köçürülüb, sonra Sircana gediblər. Rəsul Pərvana görə, bıçaqçılar əvvəlcə Zəncandan Farsa, sonra isə Nadir tərəfindən Kirmana köçürülmüşdürlər.[9]
Percy Sykes biçaqçıların o dövrki rəisi İsfəndiyar xanın yaylağı olan Takiyə olan səfərdən bəhs edir. İsfəndiyar xanı İranın Robin Hudu adlandırılan İsfəndiyar xan qəfil Səidabada hücum edib ələ keçirmişdi.[6] O, şəhərin hakimini həbs etmiş, bunun ona şah tərəfindən əmr edildiyini bildirmişdi.[10] O, vergiləri toplamış, sonda da şaha yazdığı məktubda sədaqətsiz vətəndaşlara görə ona tapşırılan işləri görə biımədiyini bildirmişdir. Sonda o, bir neçə çanta pul ilə qaçmışdır.[11] Onun varisi və oğlu Hüseyn xan İsfəndiyarpur jandarma rəisinin müavini kimi çalışmış və mərkəzi hökumətə yerlərdə nizam-intizamın qorunması üçün yardım etmişdir. Lakin 1941-ci ildə o, gözlənilmədən Baftdakı jandarma mərkəzinə hücum edib. Sonrakı atışmada bir neçə jandarm öldürüldü və Hüseyn xan çoxlu silah-sursatla xilas oldu. Bundan sonra uzun illər ərzində o, çoxsaylı basqınlar və oğurluqlar həyata keçirib. O, nəhayət, 1948-ci ildə həbs edildi və onun silahlı qəbilə üzvləri mərkəzi hökumətin ordusu tərəfindən tərksilah edildi. Bu məğlubiyyətdən sonra bir çox Bıçaqçı oturaq həyat tərzinə keçid etdi. Nəhayət, Hüseyn xan Mərkəzi Hökumətdə əvvəlki xidmətlərinə görə Ordu Qanununun 225-ci maddəsinə əsasən bəraət qazandı.[12]
Bıçaqçı eli Birinci Dünya Müharibəsi illərində İranın cənubunda baş verən anti-ingilis üsyanlarında, xüsusən 1916-cı ilin avqust-oktyabr aylarında “Sircan epizodu” adlanan hadisədə mühüm rol oynayıb. Hüseyn xan britaniyalılara onlaın hərbi əsirlərinə nəzarət etməyi təklif edir, təklifi qəbul edildikdən sonra isə onları azad edib dağlara aparır. Burada öz ətrafına tayfadaşlarını, quldurları toplayaraq britaniyalıları yağmalamağa başlayır.[13] Lakin həmin ilin əvvəlində bir qrup Bıçaqçı ingilislərin tərəfində vuruşdu. Onlar Kirman ordusunun ingilisyönlü komandanı Sərdar Nüsrətin xidmətində olublar və Kirmandan Sircana gedən bir qrup alman və avstriyalı agentə hücum ediblər. İran ordusunun sənədlərinə görə, Hüseyn xan öz tabeliyində olanları əvvəlcə Tehrana, sonra isə Osmanlı sərhəddinə qədər müşayiət edib. Bıçaqçılar soyğunçuluğa meyilli olduqları üçün qonşuları ilə yola getmirdilər. Bıçaqçılar içərisində nisbətən mülayimi və üsyanlara qatılmayanı Ərəşli tirəsi idi. Hüseyn xanın ölümündən sonra onun yerinə oğlu Əkbər xan gəldi.[14]
Bıçaqçıların yaylaqları Çahargünbədi və Balvard bölgələrində, qışlaqları isə Eyn-əl-Baqar bölgəsində yerləşir. Eyn-əl-Baqar Səidabadın cənub-qərbində yerləşməkdədir. 1930-cu illərdə bu tayfa aşağıdakı tirələrə sahib idi (tirələrin ailə sayı mötərizə içində yazılmışdır):[6]
Tirə | Yaylaq | Qışlaq |
---|---|---|
Qarasəidli | Çahar Günbəd | Şahqala |
Kerslü və ya Kırslı | Çahar Günbəd | Şahqala |
Süvar və ya Sarı Səidli | Çahar Günbəd | Madanu |
Anqalu və ya Ankarlu | Bamdehqan və Çahar Günbad | Bujün və Kuxe Teymur |
Abbaslı | Çahar Günbəd, Çinarkef və Turan | Qasımabad və Venderej |
Halvai | Aqta | Avadez |
Ərəşli | Şərifabad və Puleburs | Avadez |
Asturi və ya Osturi | Astur | Mazrej |
Nüki Rezvani | Bamdehqan və Çahar Günbad | Kuxe Teymur |
Sircan-e Köhnə və ya Sircan-e Qonaq | Valvard | Valvard |
Suktaçali | Suktaçali | Suktaçali |
Çahargünbədi | Çahar Günbəd | Çahar Günbəd |
Rayini və ya Reyini | Çahar Günbəd | Rüdbar |
Bıçaqçı eli öz xalçaları ilə məşhurdur. 1963-cü ilin bilgilərinə görə toplam sayları 500 ailə olmuşdur.[6] Tayfanın mənsublarının müasir İrandan başqa Azərbaycan (həm şimali, həm də cənubi) ərazisində də yaşamaları güman edilir. Bu tayfanın adını daşıyan yer adları ilə əlaqələndirilir.
İran ordusu materiallarına əsasən, bıçaqçılar buğda, arpa, darı, noxud və meyvə becərirlər. Onların 500-ə yaxın təsərrüfatları, yəni 2500 nəfəri var ki, bu şəxslərin ümumilikdı 30000 qoyunu, 1000 inəkləri və 2000 eşşəkləri var. Bıçaqçılar yaxşı ox düzəltmə və atma bacarıqlarına görə tanınırdılar. Edvards onların sayını 2000 nəfər hesab edirdi. O, həmçinin qeyd edib ki, onların əsas ticarət mərkəzi Seyidabaddır. Dilli qeyd edir ki, bıçaqçılar da Kirman əfşarları kimi “çoxlu sayda kobud düzxətli naxışlı, kök qırmızı, sarı və mavi rənglərlə işlənmiş, ağ rənglə səpələnmiş, ucları damalı və kənarları müxtəlif rənglərə boyanmış Şiraz xalçalarını xatırladan” xalçalar toxuyub satırlar. Garrod iddia edir ki, Qaşqay tayfasının bir hissəsi olan Kəşkülilərin xalçalarının dizaynı Bıçaqçı tayfası xalçalarından təsirlənmişdir. Çünki bu tayfa bir əsr əvvəl Əfşar türklərinin Kerman qolunun bir hissəsi olan Bıçaqçı tayfasına daxil olmuşdur.[15]
Bıçaqçılar əfşarlar ilə birlikdə Kirmanın əsas xalçaçıları idi. Azərbaycanda və Anadoluda yayılmış piçbaf kilim üslubunda xalçalar istehsal etmişlər ki, bu da onların əvvəllər bu mərkəzlərdə olmasını göstərir. Piçbaf kilim bölgənin mədəniyyətində və iqtisadiyyatında mühüm rol oynamış, yerli toxuculuq sənətinin mərkəzləri ilə əlaqələndirilmişdir.[16] Bıçaqçılar bu toxuma üsulunu Kirmanda əsrlər boyu qoruyub saxlamış və indiki nəslə çatdırmışlar. Bu tayfada əyiricilik və toxuculuq kimi sənətkarlıq çobanlıqdan sonra ailənin mühüm gəlir mənbəyi olmuşdur. Bu tayfanın yüksək keyfiyyətli sənətkarlıq nümunələri arasında müxtəlif üslublu xalçalar var idi: kilimlər, cəcimlər, kilimlər, horcinlər.[17]