Həsən Bənna
Həsən Bənna — Misirin ictimai-siyasi xadimi, Müsəlman qardaşlar təşkilatının banisi.
== Həyatı ==
1906-cı ildə Misirin Mahmudiyyə qəsəbəsində, sərmayədar Əhməd ibn Əbdürrəhman Bənnanın ailəsində doğulmuşdur. Ata İslamı öyrənsin deyə oğlunu Rəşadiyyəyə göndərir. Həsən ər-Rəşad Məktəbində Mühəmməd Zəhranın nəzarəti altında təhsilə başlayır. Burada Qurani-Kərimi hifz etməyə başlayan Əl-Bənna hifzini tamamlamadan Hazırlıq Məktəbinə keçir və ev şəraitində hifz fəaliyyətinə yiyələnir. Bu arada "Əxlaq və Ədəb Cəmiyyəti"ni qurur və cəmiyyətə nəzarəti öz öhdəsinə alır. Çox keçməmiş bir neçə mömin dostu ilə əl-ələ verib "Əmrun bil-məruf və nəhyun ənil-münkər" vəzifəsini həyata keçirmək üçün "Məni Mühərrəmat" ("Haramların yasaqlanması") cəmiyyətini qurur.
Hazırlıq Məktəbindən sonra Dəmənhur İbtidai Sinif Müəllimi Məktəbinə daxil olur.
Əl-Bənna Dəmənhurda olduğu dövr ərzində fiqh, təfsir, hədis, İslam qanunvericiliyinin tarixi və hikmətləri, məzhəb, firqə və bunlarla bağlı ətrafında toplananlardan mükəmməl dərs aldı. 17 yaşında olarkən bu məktəb də tamamlanır və həmin il Qahirəyə gedərək, Darül-Ülum Fakültəsinə daxil olur.