Məmməd Quliyev (bəstəkar)
Məmməd Quliyev — bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi.
Məmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olmuşdur. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar sinfi üzrə (R. Məmmədbəyli) və kompozisiya sinfi üzrə (M. Əhmədov) müvəffəqiyyətlə bitirərək, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına — Qara Qarayevin sinfinə daxil olmuş və 1963-cü ildə təhsilini uğurla başa vurmuşdur. Onun diplom işi kimi təqdim etdiyi ilk iri həcmli əsəri — I simfoniyası Dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilmiş və bəstəkarın simfonik musiqi sahəsindəki gələcək nailiyyətlərini müəyyənləşdirmişdir.
60-cı illərdə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı, orijinal və yüksək bədiiliyi ilə seçilən əsərləri nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Sonralar Məmməd Quliyevin əsərləri Ümumittifaq müsabiqələrində, festival, qurultay və plenumlarda, həmçin ABŞ, Fransa, Almaniya, İtaliya, Avstriya, Çexiya, Slovakiya, Polşa, Finlandiya, Türkiyə, İraq, Misir, Kuveyt, Çin, Yaponiya və digər ölkələrdə uğurla səslənmiş, Azərbaycan musiqisini təmsil etmişdir.
Məmməd Quliyev çoxşaxəli yaradıcılıq fəaliyyətini müəllimlik fəaliyyəti ilə üzvü şəkildə uzlaşdıraraq, uzun illər (1960-cı ildən ömrünün sonuna qədər) Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin yetişməsində əlindən gələni əsirgəməmişdir.
İctimai musiqi xadimi kimi Məmməd Quliyev 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, onun İdarə Heyətinin üzvü, habelə "Simfonik musiqi bölməsi"nin və "Kamera müsiqisi bölməsi"nin fəal üzvlərindən biri olmuşdur. Dəfələrlə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.
Məmməd Quliyev milli operanın janr çərçivəsini genişləndirmiş, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı Aldanmış ulduzlar operası Azərbaycanda ilk və hələlik yeganə opera-satira nümunəsi yaratmış, Ələkbər Salahzadənin sözlərinə bəstələdiyi vokal səhnəciklərdə ilk dəfə musiqimizə qrotesk səciyyəli obrazlar gətirmiş, ilk dəfə qeyri-adi heyətlər, məsələn, qoboy və bas-klarnet, fleyta-pikkolo və kontrabas üçün sonatalar yazmış, Fikrət Qoca ilə bahəm yaratdığı 3-cü simfoniyasında isə ilk dəfə partituraya solo vokal (xalq müğənnisi) partiyası və xor daxil etmişdir.