CAMAAT Daş oynatmağı öyrənməyini və Həştərxanda camaat qabağında çıxışlarını Həmid heç anasına da deməmişdi (H. Abbaszadə); ALAY Zeynal matəm alayım tələb edənlərə məxsus məyus addımlarla sahil boyu ilə evə qayıdırdı (M.Hüseyn); ALƏM (dan.) Şerim bu hikməti aləmə bildir; Xəyal ölənləri bəzən dirildir (M.Rahim); XALQ (bir yerin, bir ölkənin camaatı) Demə, əzizimdir ev adamları; De, mən bu xalqınan, xalq da mənimdir (B.Vahabzadə); EL Palaza bürün, el ilə sürün (Ata. sözü); ELAT (köhn.) [Firəngiz:] Yığıncaqda bu barədə danışarıq, elatın fikrin öyrənirik (B.Bayramov); ELOBA El-oba Nəbini öz gözünün didəsi kimi qoruyub saxlasa da, Sarımsaqoğlu kimi şeytan-şuğul bu qızıl vədindən ötrü işə girişdi (S.Rəhimov); EL-ULUS Muğana su gəlir, Milə su gəlir; Axışıb öz eli-ulusu gəlir (S.Vurğun); ƏHALİ Əhalinin artıq bu cür işlərə əhəmiyyət vermədiyini göstərdim (M.S.Ordubadi); FÖVC (köhn.) Ağa Məhəmməd şah Qacar: Mirzə Cəfər xan, çıx binagüzarlıq et, bir neçə gün Əli xanı bargahda saxlasınlar və bir şəxs onun gözlərinin çıxdığını bilməsin və əlavə binagüzarlıq edərsən Əli xanın qoşununun bir hissəsini azad eləsinlər və qalanını sair fövclərə paylasınlar (Ə.Haqverdiyev); İZDİHAM Körpüdə izdiham çox idi (T.Ş.Simürğ); KÜTLƏ Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Firidunu gördü (M.İbrahimov).