Böyük Alagöl
Böyük Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Kiçik Qafqazın göllərinə aid edilir və qərbdə Ermənistanla həmsərhəddir.
== Tarixi ==
Kəlbəcər rayonunun mərkəzi 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyindən, göl ermənilərin işğalı altında idi. 15 dekabr 2020 tarixindən Azərbaycan geri almışdır.
== Haqqında ==
Dəniz səviyyəsindən 2729 m yüksəklikdə yerləşir, ən uzun yeri 3,7 km, ən enli yeri 9 m-dən artıqdır, gölün həcmi isə 24,3 mln m³. Gölün ətrafı qiymətli alp çəmənlikləridir.
Sahəsi 5,1 km², uzunluğu 3670 m, maksimal eni 2875 m, orta eni 1365 m, sahil xəttinin uzunluğu 24,8 km, maksimal dərinliyi 9,4 m-dir.
Böyük Alagölün yerləşdiyi ərazidə, yay vaxtı quruyan göllər də daxil olmaqla 30-a qədər göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl (sahəsi 0,9 km²), Cilligöl (sahəsi 0,3 km²), və Dikpiləkən çayının mənbəsində (3028 m) yerləşən Dikpiləkən gölüdür (sahəsi 0,06 km²). Böyük Alagölə 7 çay tökülür.