Cığalızadə Yusif Sənan Paşa
Cığalızadə Yusif Sənan Paşa (1544, Messina, Siciliya – fevral 1606, Diyarbəkir) — 1591–1595 və 1599–1604 tarixlərində ümumilikdə 10 il kaptan-ı dərya, III Mehmed dönəmində 27 oktyabr 1596–5 dekabr 1596 tarixlərində ümumilikdə bir ay 9 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Cığalızadə Yusif Sənan Paşa 1545-ci ildə Siciliyanın Messina şəhərində əslən Genuyalı olan məşhur Cicala ailəsində dünyaya gəlmiş, əsl adı Scipione Cicala olmuşdur. 1560-cı ildə baş verən Cərbə dəniz döyüşü əsnasında atası ilə birlikdə Osmanlılara əsir düşərək İstanbula gətirilmiş, burada dəvşirilərək Əndəruna daxil olmuşdur. Burada Yusif Sənan adını götürmüş, ailəsi ilə bağlı olaraq isə tarixi qeydlərdə Cığalızadə olaraq qeyd edilməkdədir.
Yusif Sənan Paşa əvvəlcə sarayda silahdar və qapıçıbaşı vəzifələrinə gətirildi. Daha sonra yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. 1583-cü ildə vəzirliyə yüksəldi və İrəvan bəylərbəyi təyin olundu. 1585-ci ildə Təbriz və Tiflisi mühasirəyə alan Səfəvilərə qarşı güclü müqavimət göstərmiş, 1591-ci ildə kaptan-ı dərya təyin edilmişdir.
Sultan III Mehmedin Əyri Səfərinə komandan olaraq qatılmış, 26 oktyabr 1596 tarixində baş tutan Xaçoba döyüşündə göstərdiyi məharətə görə sədrəzəmliyə yüksəlmişdir. Ancaq döyüş meydanından qaçan sipahi dəstələrinə verdiyi sərt cəza tədbirləri və Krım xanı II Qazi Gəray xanı vəzifəsindən azad etməsi dövlət adamları arasında narazılıqlara yol açdı.