Nəcib dəfnə
Nəcib dəfnə (lat. Laurus nobilis) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin dəfnə cinsinə aid bitki növü.
Əsl dəfnənin vətəni Kiçik Asiyadır. Buradan Aralıq dənizyanı ərazilərə yayılmışdır. Hazırda yabanı halda Cənubi Fransa, İngiltərə, İsveçrə, İrlandiya və Şotlandiyada təsadüf edilir.
Hündürlüyü 5–18 m, gövdəsinin diametri 40 sm-dən çox olan, qonur rəngli, hamar qabıqlı koldur. Yarpaqları qısa saplaqlı, 8-20 sm uzunluqda, 1,5-8 sm enində olub, dərivari, parlaq, üstdən tünd yaşıl, altdan isə açıq yaşıl rəngli, qısa saplaqlı, ovalvari-neştər formalıdır. Qaidəsi ensiz, ucu sivri, kənarları dalğavari, damarları tükcüklərlə örtülmüşdür. Mart-may aylarında çiçəkləyir. Çiçəkləri xırda, 4-6 bölümlü çiçək yanlığına malik, qısa saplaqlı olmaqla, 4-6-sı birlikdə xırda çətirlərə toplanmış və yarpaqların qoltuğunda yerləşmişdir.