DƏRVİŞ

səyahət edən, fiziki dünyadan əl çəkərək, mənəvi dünyada yaşayan, sufiliyi təbliğ edən dindar insanlardır. Dərvişlər hər zaman özlərini Allaha, peyğəmbər və əhli-beytin mədhiyyəçiləri saymışdırlar. “Dərviş öz evini çiynində gəzdirər” ifadəsi onların laməkan olmasına işarədir. Araşdırmalar göstərir ki, dərvişlik orta əsrlərdə yayılmağa başlamışdır. Həyatlarını səyahətlərdə keçirən dərvişlər əsasən Allahın şəninə, peyğəmbər və onun əhli-beytinin şərəfinə qəzəllər oxuyub, müqəddəsləri təbliğ edən mərsiyələr deyərmişlər. İslam ölkələrinin çoxunda dərvişlik ayrıca təriqət hesab olunur. “Dərviş” fars sözü olub mənası qapı-qapı gəzən, sədəqə toplayan adam deməkdir. Amma, əslində onlar sədəqə toplayan dilənçilər deyil, dərvişlər tamam fərqli həyat və düşüncə tərzinə malik olan insanlardırlar. “Dərviş” sözü zaman-zaman geniş coğrafi məkanda uzun müddət istifadə edilməsi səbəbi ilə dəyişik və daha geniş mənalar qazanmışdır. Dərvişlər evlənməz, ailə həyatı qurmazdılar. Özlərini İslamın, Allahın təbliğinə həsr edib şəhərbəşəhər, kəndbəkənd gəzər Tanrıya, peyğəmbərə və imamlara həsr olunan ilahi nəğmələr oxuyardılar. Dərvişlər özləri də müxtəlif qruplara ayrılırlar. Müxtəlif dərviş qardaşlıqlarında ayinlər, dini hərəkətlər, qəzəl, qəsidə və mərsiyələrin oxunma tərzi fərqli idi. Məsələn, rifailər oxumağa, mövləvilər dövrə vurmağa, isəvilər tullanma hərəkətlərinə, şuabilər isə rəqsə üstünlük verirdilər. Orta əsrlərdə mənəvi və ruhani həyata yönələn müsəlmanlar arasında iki qüvvətli təmayül meydana çıxmışdır. Bu dərviş tiplərindən birinin mərkəzi İraq, digərinin mərkəzi İranın Xorasan şəhəri olmuşdur. Cəmiyyətdə fərqli bir zümrə kimi görünən bu dərviş qardaşlıqları dindarlığın mənəvi əsaslarına həssaslıqla yanaşdıqlarını iddia etməklə özlərinə məxsus əxlaq qaydaları nümayiş etdiriblər. Onlar özlərini camaatdan fərqli göstərən davranışlara malik idilər. Həm İraq sufilərinin, həm də Xorasan məlamilərinin dərvişliyi hər dövrdə varlığını davam etdirib və tədricən ətraf bölgələrə - Orta Asiya, Əfqanıstan, Pakistan, Qərbi Hindistan və Anadoluya yayılmışdır. Müxtəlif adlar altında toplanan dərviş zümrələri bəzi fərqliliklər göstərsələr də, onların təməl qanunları eyni olmuşdur. Təməl qanunlarına görə, onlar nəfsin istəklərinə hakim olmağı, ölçülü və intizamlı yaşamağı, ruhi yetkinlik və mənəvi olğunluğa çatmağı bacarmalı idilər. Dərvişlərin yaşadığı çətin həyat çiləsi, onların muradlarına çatması üçün əsas amil idi.
DƏHRİLƏR
DƏSTƏMAZ

Digər lüğətlərdə