Duzlu göl (Bakı)
Duzlu göl və ya Qızılı göl – Bakının Suraxanı rayonunda, Zığ–Hövsan avtomagistralının yaxınlığında yerləşən göl. Göldə çimmək qadağan olunsa da, gölü şəfa mənbəyi hesab edən insanlar yayda gölə axın etməyə davam edirlər.
== Xüsusiyyətlər ==
Gölün suyu duzlu və yodla zəngin olduğu üçün hər il minlərlə insan göldə çimməyə gəlir. Xüsusilə, dəri xəstəliklərindən əziyyət çəkən insanlar şəfa tapmaq üçün göldə çimirlər. Ziyarətçilər gölün dibindən yığılmış palçığı bədənlərinə sürtürlər, daha sonra günəş vannası qəbul edirlər.
Gölü əsasən yaşlılar və Bakıya gələn turistlər ziyarət edirlər. Ruslar, ərəblər, Rusiya azərbaycanlıları göldə çimməyə gəlirlər. Gölün ətrafında 1993-cü ildən Zəngilan, Füzuli və Qubadlıdan olan məcburi köçkün ailələri yaşayır. Onlar gölün ətrafında tikdikləri duş, yeməkxana kimi obyektlərindən qazanc əldə edirlər.
=== Çimmək qadağası ===
Göl suyunun bakterioloji vəziyyəti pis olduğu üçün və göldə antisanitariya şəraiti hökm sürdüyü üçün 2006-cı ildə baş dövlət sanitar həkiminin müavini tərəfindən imzalanan 25 saylı qərara əsasən göldə çimmək qadağan olunub.