Dalğalı birəcik
Dalğalı birəcik (lat. Phyllotreta undulata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinin birəcik cinsinə aid heyvan növü.
== Xarici quruluşu ==
Bu birəciyin rəngi qara və bozumtuldur. Hər qanadın üstündə sarı, uzun xətt keçir. Uzunluğu 2-2,8 mm-dir.
== Həyat tərzi ==
Cinsi yetişkənliyə çatmayan yaşlı böcəklər tarlalarda, bağlarda, meşə kənarında yerə tökülmüş yarpaqların, müxtəlif bitki qalıqlarının altında, torpağın üst qatlarında və başqa yerlərdə qışlayırlar. Böcəklər martın ikinci yarısında qışlamadan çıxırlar, əvvəl onlar müxtəlif xaççiçəkli bitkilərin alaq otları ilə qidalanırlar.
Şitillərin sahələrə köçürüldüyü və xaççiçəkli bitkilərin cücərtiləri əmələ gəldiyi vaxtlarda birəciklər mədəni bitkilər üzərinə keçirlər. Əsasən yarpaqları, bəzən isə yarpaqların saplaqlarını, çiçək və toxumların qınlarını zədələyirlər. Birəciklər yarpaqların üzərində çoxlu deşiklər açırlar.